Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

“WorldFood Azerbaijan-2013”: AQRAR-SƏNAYE KOMPLEKSİNİN ƏN YAXŞI NAİLİYYƏTLƏRİ

May ayının 22-də Bakı Ekspo Mərkəzi ənənəvi olaraq qida sənayesi sahəsində dünya nailiyyətlərini nümayiş etdirmək üçün regionun ən böyük tədbirinin keçirildiyi məkana çevrildi və məhz burada “WorldFood Azerbaijan-2013” Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi öz işinə başladı. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilən bu sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri çıxış edirlər.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abbasov ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatı sahəsinin formalaşmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. “-Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev diqqətimizi aqrar-sənaye kompleksinin inkişafına və genişlənməsinə yönəltməklə yanaşı, yerli məhsulların dünya bazarına çıxarılması barədə də tapşırıq verib”, deyən cənab nazir həmçinin onu da qeyd etdi ki, bu sərgilər dünyanın ən dinamik şəkildə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın uğurlu iqtisadi siyasətini əyani şəkildə nümayiş etdirir. Bununla əlaqədar olaraq, ölkə iqtisadiyyatının möhkəmləndirilməsində kənd təsərrüfatının oynadığı rol xüsusi qürur hissi bəxş edir. Ötən il Azərbaycanda aqrar sənayenin ümumi inkişaf göstəriciləri təxminən 7% təşkil edib. 2013-cü ilin 4 ayı ərzində isə bu göstərici artıq 4% artım nümayiş etdirib. Buna görə də, aqrar sahənin mütəxəssis və işçiləri ildən-ilə böyüyən və işgüzar əməkdaşlığın genişlənməsinə xidmət edən bu sərginin əhəmiyyətini yüksək dəyərləndirirlər.

“ITE Group plc” şirkətinin direktoru cənab Edvard Stroon sərgi iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu sərgi biznes əlaqələrinin möhkəmləndirilməsi, tərəfdaş axtarışı və Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqi baxımından səmərəli işgüzar platforma kimi xüsusi əhəmiyyət kəsb edir. Forumun keçirilməsinə beynəlxalq ictimaiyyət tərəfindən sürətlə artan maraq, eləcə də “WorldFood Azerbaijan-2013” sərgisində iştirakçı və investorların sayının artması da buna dəlalət edir. Hazırkı sərgi rekord sayda eksponenti - dünyanın 31 ölkəsindən 179 şirkəti bir araya gətirərək həm iştirakçılar, həm də sərgi meydançası baxımından 27% artım nümayiş etdirib. Cənab Edvard Stroon nazir İsmət Abbasova uzunmüddətli əməkdaşlıq üçün öz minnətdarlığını bildirərək təşkilatçılar adından onu “Iteca Caspian” MMC sertifikatı ilə mükafatlandırdı.

“VIP”-tur zamanı qonaqlar və ziyarətçilər sərginin çoxsaylı stendləri ilə tanış oldular. Eksponatların üstünlüyü ondan ibarət idi ki, sərgidə onları nəinki seyr etmək, hətta dadmaq da mümkün idi və bu da istisnasız olaraq hər bir kəsin ürəyincə oldu. Sərgi stendlərinin vitrinlərində ən dadlı şirniyyat və un məmulatları, pendir və kolbasalar, dəniz delikatesləri, çay, şirə və şərablar, meyvə və giləmeyvələr, makaron və spagettilər, mürəbbə və cemlər, yoqurt, konfet, qoz-fındıq, kartof çipsləri və ketçuplar düzülüb. Bir neçə şirkət isə ziyarətçilər üçün “dadlı” sürprizlər, qeyri-ənənəvi kulinariya üzrə həll variantları - ətin düzgün emalı və hazırlanmasına həsr olunmuş ustad dərsləri (“master-klass”), çörəkbişirmə prosesi və içkilərin dequstasiyası kimi tədbirlər hazırlayıblar. Şirəli, nəfis və ətirli qəlyanaltı və desertlərin geniş çeşidi sübut edir ki, yerli qida sənayesi inamla inkişaf edir. Yerli eksponentlər arasında məşhur “Azersun Holding”, Qəbələ Konserv Zavodu, “Şirin” MMC, “Milla” və digər şirkətlər, eləcə də öz potensialını geniş auditoriyaya nümayiş etdirmək kimi unikal fürsətdən yararlanan debütantlar var. Naxçıvan Muxtar Respublikası sərgidə ayrıca stendlə çıxış edir.

Xarici məhsul, texnologiya və xidmətlərin mövcudluğu keyfiyyət və ən yaxşı təklif uğrunda davamlı rəqabət və mübarizənin mümkünlüyünü vurğulayır. Ənənəvi olaraq, sərgidə MDB və Avropa ölkələrindən olan şirkətlər üstünlük təşkil edirlər. Bu il Azərbaycan, Rusiya, ABŞ və Türkiyədən şirkətlərin də daxil olduğu debütantlar ümumi iştirakçıların 45%-ni təşkil edirlər. “WorldFood Azerbaijan” sərgisində kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli stendləri də iştirak edirlər. Özbəkistan və İordaniya şirkətləri isə ilk dəfədir ki, Bakıda keçirilən bu sərgiyə qoşulmuşlar. Azərbaycan, Macarıstan, Litva, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər qablaşdırma, qablaşdırma materialları və hazır məhsullar, eləcə də yarlıqlar və şüşə taraların istehsalı üçün qablaşdırma qurğuları və avadanlıqları nümayiş etdirirlər.

Ənənəvi olaraq, “WorldFood Azerbaijan” sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və texnologiyalar (“WorldFoodTech”). “Qablaşdırma” bölümünü isə artıq ikinci ildir ki, “WorldFood Azerbaijan” sərgisi ilə eyni zamanda keçirilən “Ipack Caspian-2013” Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” sərgisi təqdim edir.

Məhsulların nümayişi ilə yanaşı, sərgidə həmçinin iş adamları üçün faydalı və maraqlı tədbirlər təşkil olunacaq. Belə ki, işgüzar proqram çərçivəsində 23 may tarixində saat 10:00-dan 18:00-dək “Global Marketing Group” şirkəti “İstehsalın planlaşdırılması, Anbarların idarə olunması (WMS) və Distribütor tərəfindən malların paylanılması zamanı marşrutun (Route) optimallaşdırılması” mövzusunda seminar təşkil edəcək. Daha bir seminar isə “Aqrokimya” şirkəti tərəfindən 23 may tarixində saat 11:00-dan 13:00-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Bundan başqa, bir sıra daha maraqlı tədbirlərin də keçirilməsi planlaşdırılır.

Hər il aqrar kompleksin aparıcı nümayəndələrini, habelə kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirən “AgriHort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisi “WorldFood Azerbaijan” sərgisi ilə paralel olaraq keçirilir. Sərgidə Azərbaycan, Bolqarıstan, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən şirkətlər iştirak edirlər. “Agrihort Azerbaijan” sərgisinin meydançası ötən il ilə müqayisədə 87% artmışdır. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, heyvanlar və balıqlar üçün yemlər, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdirilir.

Sərginin ilk iki iş günü yalnız mütəxəssislər, qida sənayesinin nümayəndələri, topdan və pərakəndə satış şirkətləri, habelə kənd təsərrüfatı məhsullarının idxalçıları və distribütorlar üçün açıq olacaq. May ayının 24-də isə arzu edən hər bir kəs sərgini ziyarət edə biləcəkdir. Beləliklə, bu il “WorldFood Azerbaijan-2013” və “AgriHort Azerbaijan-2013” sərgiləri ölkənin qida və aqrar sektorlarının bütün müsbət inkişaf tendensiyalarını nümayiş etdirəcək və sıx beynəlxalq əlaqələrin qurulmasına, investisiya həcminin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgilərə təşkilati dəstək göstərirlər. 2013-cü ildə “Iteca Caspian” MMC tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Poynt Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek